Məclis 1

 

Giriş

Sərvərin Gülnaz ilə söhbəti

Sərvər, Gülnaz və Sənəm

Rüstəm bəyin Gülnaz ilə dueti

Rüstəm bəyin Gülnaz ilə söhbəti

Məşədi İbadın mahnısı

Rüstəm bəyin Məşədi İbad ilə söhbəti

Məşədi İbadın monoloqu
Məşədi İbadın, Sənəmin və Gülnazın triosu

Qonaqların gəlişi

Masa arxasında səhnəsi


Məclis 2


Sərvər ilə Gülnazın dueti

Məşədi İbad Gülnazın evində

Sərvər ilə Gülnazın dueti
Məşədi İbad və Əsgər

Rüstəm bəyin Sərvər ilə söhbəti

Məşədi İbadın şikəyyəti

Rüstəm bəyin səhnəsi


Məclis 3


Hamamda səhnə


Məclis 4

Məşədi İbadın mahnısı

Məşədi İbad və Sərvər gəlin geyimində

Məşədi İbad qəzəbdə

Məşədi İbad və Sənəm

Son səhnə


© Seyran Sənən oğlu Ağabəyov, «Məşədi İbad» musiqili komediyasının tərcüməçisi


R ü s t ə m b ə y :
audio
video


(danışıq)
. Qızım, yox deyirsən? Sənin üçun bir ər tapmışam ki, bir ər tapmışam ki, dövlət nə dövlət, pul, saman kimidir! Özüdəsə abırlı bir kişidir. Hərçənd bir az yaşı çoxdur, amma bir yaxşı adamdır ki, beləsini çıraq ilə axtarsan tapa bilməzsən!

S ə n ə m: Ah! Qoca olandan sonra heç nə! Ağrım onun özünə də, dövlətinə də!
R ü s t ə m b ə y : Ay qız, sən qıfılla, sən danışma, sən bu cür işləri anlamazsan, çünki sən bir heyvan layələmsən!
S ə n ə m: Nə qədər heyvan olsam da, mən cavan qızımı qoca kişiyə ərə vermərəm! Heyf deyilmi? Vallah, bu saat onun dərdindən ölən cavanlar çoxdur ki, hər biri bir Yusif!
R ü s t ə m b ə y : Nə vaxt mən səni qoca kişiyə ərə versəm, getmə! Qız mənimdir, mən bilirəm: istərəm qocaya verərəm, istərəm cavana! (Qıza) Razısanmı, qızım?
G ü l n a z:

Nə deyirəm, mənim borcum ata sözünə baxmaqdır, özün bilərsən!

R ü s t ə m b ə y : Ağıllı qızım, gözəl qızım! Mən əvvəldən bilirdim ki, sən mənim sözümdən çıxmayacaqsan. Odur ki, kişiyə söz vermişəm, indi o kişi bu gün buraya gələcəkdir və səni də görmək istəyəcəkdir. Mən sənə izn verirəm ki, sən gedib onun ilə görüşəsən. Get görüş və özün də danış, qorxma!
S ə n ə m: Yə'ni batmış bu qədər çirkindir ki, adam qorxa da bilər?
R ü s t ə m b ə y : Ay qız, gəl sən danışma!
S ə n ə m:

Axı deyirsən ki, qorxma, mən də soruşuram ki...

R ü s t ə m b ə y :

Ay qız, yum ağzını!

S ə n ə m:

.Ağzımı yummamış, nə deyirəm ki?!

R ü s t ə m b ə y :

Ay heyvan, danışma deyirəm!

S ə n ə m:

İndi mən nə deyirəm ki, acığın tutur.

R ü s t ə m b ə y :

A mürtəd balası, danışma, qulluqçusan, otur qulluqçu yerində!

S ə n ə m:

İndi mən nə deyirəm ki, pis söz demirəm ki?!

R ü s t ə m b ə y :

Ay qız, kəs səsini!

S ə n ə m:

Səsimi kəsməmiş mən nə deyirəm ki...

R ü s t ə m b ə y :

(lap bərkdən). Ay qız, de qoy işimizi görək!

S ə n ə m:

Mən nə qayırıram ki..

R ü s t ə m b ə y :

(daha bərk). A qız!...

Bu əsnada qapı bərk döyülür.  

R ü s t ə m b ə y :

Durun gəlin bəri, yəqin kişi gəldi.

Hamısı durub gedir.

M u s i q i

audio
video
M ə ş ə d i İ b a d :

(daxil olur).
Mən nə qədər, nə qədər qoca olsam da,
Dəyərəm min cavana.
Çörəyi yemərəm mən yavana.
Yaxşı demərəm mən yamana,
Qurban edərəm mən canana
Malımı, pulumu, canımı mən.
Gəl, xanım, gəl yanıma,
Gəl, canım, gəl yanıma,
Gəl, yarım, gəl yanıma.
Gəl, mən ölüm, mən ölüm, mən ölüm gəl!.. (2 dəfə)
A quzum, gəl yanıma,
Canımı verərəm mən yarıma.
Qurban edərəm mən canana
Malımı, pulumu, canımı mən.

M u s i q i

Yenə təkrar «Gəl, xanım, gəl yanıma».

M u s i q i

R ü s t ə m b ə y :

(daxil olur). Məşdi İbad, sən bizə xoş gəlib, bizi şad elədin! Bir de görüm nə oldu ki, nə oldu bizi yad elədin?

M ə ş ə d i İ b a d :

A kişi, sən öl, mən səni hamıdan artıq yad elərəm, Sən qızı mənə vergilən, gör necə səni şad elərəm.

audio
video

Musiqi çalınır, ikisi də oynayır.  

R ü s t ə m b ə y : Söylə görüm bir mənə,
Cib doludurmu pul ilən?
Gəl sənə mən qız verim,
Nə işin vardır dul ilən.
M ə ş ə d i İ b a d :

A kişi, sən öl, mən sənə
Nə qədər desən pul verərəm,
Sən qızı mənə vergilən,
Gör necə səni şad elərəm.

Musiqi çalınır, ikisi də oynayır.

M ə ş ə d i İ b a d : Pul verimmi?
R ü s t ə m b ə y : Vergilən!
M ə ş ə d i İ b a d : Qız verərsənmi?
R ü s t ə m b ə y : Verərəm!
M ə ş ə d i İ b a d : Tez verimmi?
R ü s t ə m b ə y : Vergilən!
M ə ş ə d i İ b a d : Tez verərsənmi?
R ü s t ə m b ə y : Verərəm!
M ə ş ə d i İ b a d : Degilən sən öl!
R ü s t ə m b ə y : Bu sən öl!
M ə ş ə d i İ b a d : Bəs elə isə?
R ü s t ə m b ə y : Ver əlini!
M ə ş ə d i İ b a d : Bəs elə isə?
R ü s t ə m b ə y : Ver əlini!
M ə ş ə d i İ b a d : Degilən sən öl!
R ü s t ə m b ə y : Bu sən öl!
M ə ş ə d i İ b a d : Bəs elə isə?
R ü s t ə m b ə y : Ver əlini!

Musiqi çalınır, ikisi də oynayır.


© Musigi Dunyasi, 2005