Məclis 1

 

Giriş

Sərvərin Gülnaz ilə söhbəti

Sərvər, Gülnaz və Sənəm

Rüstəm bəyin Gülnaz ilə dueti

Rüstəm bəyin Gülnaz ilə söhbəti

Məşədi İbadın mahnısı

Rüstəm bəyin Məşədi İbad ilə söhbəti

Məşədi İbadın monoloqu
Məşədi İbadın, Sənəmin və Gülnazın triosu

Qonaqların gəlişi

Masa arxasında səhnəsi


Məclis 2


Sərvər ilə Gülnazın dueti

Məşədi İbad Gülnazın evində

Sərvər ilə Gülnazın dueti
Məşədi İbad və Əsgər

Rüstəm bəyin Sərvər ilə söhbəti

Məşədi İbadın şikəyyəti

Rüstəm bəyin səhnəsi


Məclis 3


Hamamda səhnə


Məclis 4

Məşədi İbadın mahnısı

Məşədi İbad və Sərvər gəlin geyimində

Məşədi İbad qəzəbdə

Məşədi İbad və Sənəm

Son səhnə


© Seyran Sənən oğlu Ağabəyov, «Məşədi İbad» musiqili komediyasının tərcüməçisi


Məşədi İbad :
audio

 

(danışıq). İndi axır sözünü de görum, qızı mənə verirsənmi? Yoxsa vermirsən, gedib ayrı qız alaram, deyərəm ki, o olmasın, bu olsun!

R ü s t ə m b ə y : Mən öz sözümün üstündə duran adamam. Ancaq sən də gərək qabaqca bir balaca tədarük görəsən. (Əli ilə pula işarə edir).
Məşədi İbad : Min manat sənə bəsdirmi?
R ü s t ə m b ə y : Min də üstə artır.
Məşədi İbad : A kişi, axı bunun bir anbar da toy xərci var.
R ü s t ə m b ə y :

Doğrudur, ancaq nə eləmək? Hərgah bir qədər cavan olsa idin, bu iş sənin üçün ucuz tamam olardı, amma heyf ki, qocasan, taxsır özundədir.

Məşədi İbad : . A kişi, vallah, mən nə qədər qoca olsam da, min buğu burma cavana dəyərəm. Sən nə fikir edirsən?! Ala, min beş yüz manat, qalanını da sonra verərəm. (pul çıxardıb verir).
R ü s t ə m b ə y : Olar (pulu alır). Zərər yoxdur.
Məşədi İbad :

İndi mən istəyirəm ki, bir qızı görüm, danışdırım, nə deyirsən?

R ü s t ə m b ə y :

Heç sözüm yoxdur, əyləş, bu saat qızı göndərərəm (gedir).

audio
video
Məşədi İbad :

Zarafat deyildir, bir ətək pul verirəm, bir baxım görüm, mal nə cür maldır, verdiyim pula dəyərmi? Mənim istədiyim odur ki, özümə layiq adam olsun. Yoxsa məndən ötrü təfavüt yoxdur, o olmasın, bu olsun!... (Sükut). A kişi, bircə mən bilmədim ki, camaat mənim harama qoca deyir! Vallah, görünür ki, xalqın gözü pis görür. Budur ayna, bu da mən. (Aynaya baxır). Allaha şükür, dişlərim hamısı cabəca, saqqalım da qapqara şəvə kimi. (Diqqət ilə baxır). Deyəsən burda bir dənə ağ tük vardır. Gərək. dartam çıxsın. (Dartır). A zəhrimar!.. Görünür ki, heyvan balası dəllək hənanı pis yaxıbdır. (Çıxardır). Puf!.. Rədd ol, şarlatan!.. Qoca odur ki, dişləri olmaya, gözü görməyə, qulaqları eşitməyə, özü də yerindən tərpənə bilməyə, mən ki, əlhəmdülillah, quş kimiyəm. Maşallah deyim ki, göz dəyməsin. Özüm də əlli yaşım ya ola, ya olmaya. (Güzgüyə baxıb ora-burasını düzəldir). İndi mən papağımı nə cür qoyum ki, qızın xoşuna gəlsin: hərgah belə qoysam (gəc qoyur), onda qız qorxar, elə bilər ki, Bakı qoçusuyam. Əyər belə qoysam (gözünün üstə qoyur). onda da qız ürkər, elə bilər ki, Qarabağın pambıq bəylərindənəm. Hərgah bu cürə qoysam (lap dalı qoyur), onda qızın məndən zəhləsi gedər. Elə bilər ki, Gəncə qumarbazıyam, əgər belənçik qoysam (təpəsinə qoyur), onda da Şamaxı lotusuna oxşaram. Bəs nə tövr qoyum? Hamısından yaxşısı budur ki, başıaçıq oturram, onda qızın xoşuna gələr, elə bilər ki, abrazavannıyam. Doğrudan da, mən bir qədər abrazavannıyam, çünki uruslar mən ilə çox alış-veriş eləyiblər və mən onlardan urus dilini də yaxşı öyrənmişəm. Məsələn: işto katu, baca-luska, funt vosim qəpik, menşi nelza, nelza (Səs gəlir). Aha, deyəsən qız gəlir; indi gərək mən seryoznıski olam. (Bir kreslo üstündə bardaş qurub oturur.)

G ü l n a z ilə S ə n ə m daxil olur.
audio
video

G ü l n a z:

Uy, mən bu kişidən qorxuram!

S ə n ə m:

Nə kifir kişidir, ay allah!

Məşədi İbad :

(kənara). Deyəsən, məndən qorxurlar. Zərər yoxdur; arvad kişidən qorxsa yaxşıdır. (Onlara). Bir deyin görüm, xanım hansınızdır, qulluqçu hansınız?

S ə n ə m:

Mən qulluqçuyam, bu xanımdır. (Otururlar).

Məşədi İbad :

Çox gözəl, çox əcəb! (Kənara). Heç qulluqçunun özü də yaman deyildir, amma xanıma söz yoxdur. Dəyər verdiyim pullara. (Sükut. Heç kəs dinməyir. Məşədi İbad birdən-birə gözlərini Gülnazın başına tərəf dikib, diqqət ilə baxır). Xanım, sənin ki, saçın bu qədər qaradır, yəqin sən də mənim kimi həna qoyursan.

G ü l n a z:

Xeyr, həna qoymuram!

Məşədi İbad :

Hə!... Çünki mən saqqalıma həna qoyuram, elə bildim ki, sən də saçına həna qoyursan. (Kənara). Amma lap nahaq yerə hənadan söhbət saldım, heç yeri deyildi.

G ü l n a z:

Mənim başım hələ ağarmayıbdır ki, hənaya ehtiyacı ola.

S ə n ə m:

Allaha şükür, xanım qocalmayıb ha!

Məşədi İbad :

(tələsik). Xeyr, xanım, mənim də saqqalım ağarmayıbdır. Mən saqqalıma həna qoydum, qoymadım — həmişə qapqara şəvə kimidir. Amma mən bir növ adətkardə olmuşam və fars da deyir ki, «tərki-adət bə movcibi mərəzəst». (İrəli gəlir.) Allah ölənlərinizə rəhmət eyləsin, mənim rəhmətlik anam deyərdi ki, başımın hənasının vaxtı keçəndə başım ağrıyır. Çünki adətkardə olmuşdur.

G ü l n a z:

Yəqin sizin də saqqaqlınızın hənasının vaxtı keçəndə ağrıyır.

Məşədi İbad :

Bəli, ağrıyır. Saqqalım bərk ağrıyır; bir də, mən sənə deyim, insanın başının, ya saqqalının ağlığı onun qocalığına dəlalət eyləməz. Bax, mən iki yaşında urus balası görmüşəm ki, başı ağappaq qar kimi; halbuki iki yaşında uşağa qoca demək olmaz. Və bir də siz mənim başıma diqqət edin, heç görün bir dənə ağ tük varmı? (Başını göstərir).

G ü l n a z:

Heç qarası da yoxdur.

Məşədi İbad :

Bəs bundan mə'lum olur ki, insan cürbəcür olar. Sizin ikinizin də canı üçün, indi dünya elə dönübdür ki, indiki ahıllar indiki cahıllardan min pay yaxşıdırlar. Məsələn, mən tarix-nadir kitabını yarısına qədər oxumuşam, ona görə hikmət elmindən yaxşı biliyim vardır. İnsanın zahiri nə qədər çirkin olsa, batili bir o qədər gözəl olar. Məsəl var ki, deyərlər: o olmasın, bu olsun. Əlbətə, nə zərəri vardır, cavanlıq olmasın, pul olsun. Pul elə şeydir ki, qocanı cavan eylər və pulsuzluq da cavanı qoca eylər.

S ə n ə m:

Görünür ki, sənin çox pulun vardır.

Məşədi İbad :

Sənin dövlətindən kefim çox kökdür. (Əlini cibinə salıb, bir abbası çıxardır). Buyur, bu abbasını saxla, lazım olar, saqqıza verib çeynərsən.

S ə n ə m:

Xeyr, çox sağ ol, pul lazım olsa, ağam verər.

Məşədi İbad :

Aha, o başqa məsələ. (Pulu qoyur cibinə). Heç pis arvad deyildir. (Ona). Bir mənə de görüm sənin ərin var?

Sənəm:

Xeyr, yoxdur.

Məşədi İbad :

Çox gözəl. (Kənara). Qabaqdan bilsəydim əvvəlcə bunu alardım, sonra xanımı! (Ona). Kefin necədir, yaxşı dolanırsanmı?

S ə n ə m:

Nə üçün, şükür allaha, yaxşıyam.

Məşədi İbad :

Çox gözəl. (Gülnaza). Xanım, heç sən danışmırsan?

G ü l n a z:

Mən qulaq asıram.

audio
video
M ə ş ə d i İ b a d :

Çox gözəl. Qulaq asmaq da yaxşı şeydir. (Kənara). Qəribə yerdəyəm, vallah, bir gözəl o yanımda, bir gözəl bu yanımda. Şair çox gözəl deyibdir ki (oxuyur):

Hüsn bağında gəzəsən,
Gülü sünbül dərəsən.
Sən kimi bir gözəli
Bağın içində görəsən.

G ü l n a z:

Baxasan gül yanağına, olasan məstu xumar.

Bir yerdə.

Deyəsən heç bir işrət olmaz, sən ləsən?

M u s i q i


© Musigi Dunyasi, 2005