Üzeyir Hacıbəyovun
«O olmasın, bu olsun» musiqili komediyası

Mühazirəni təqdim edir müəllif – Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq namizədi Cəmilə Həsənova.

mp3 au

 

Üzeyir Hacıbəyov misilsiz bəstəkar və böyük dramaturq olmuşdur. Onun yaratdığı «Ər və arvad» (1909), «O olmasın, bu olsun» (1910), «Arşın mal alan» (1913) komediyaları Azərbaycan mədəniyyət xəzinəsində Mirzə Fətəli Axundov və Cəlil Məmmədquluzadənin klassik komediyaları ilə bir cərgədə durur. Lakin Ü.Hacıbəyovun komediyalarının ən ümdə cəhəti ondan ibarətdir ki, sənətkar tükənməz yaradıcılıq qüdrəti sayəsində dramaturgiyanı musiqi ilə qovuşdurmağa nail olmuş və milli musiqili komediya janrının əsasını qoymuşdur.

Ü.Hacıbəyovun musiqili komediyalarında obrazların musiqi vasitəsilə səciyyələndirilməsi, onların musiqi portretlərinin yaradılması, bir sıra dialoqların musiqiyə salınması, xorlardan, rəqslərdən istifadə olunması, dramatik və lirik səhnələrdə musiqinin geniş yer tutması mühüm xüsusiyyətlərdir. Eyni zamanda, Ü.Hacıbəyovun komediyalarının ədəbi mətni ayrılıqda da səhnədə eyni təsir gücünə malikdir. Xüsusilə «O olmasın, bu olsun» komediyası Ü.Hacıbəyov dramaturgiyasının ən parlaq örnəyidir.

Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, Üzeyir Hacıbəyov XX əsrin əvvəllərində, yaşadığı cəmiyyətdə kök salmış köhnə əqidə və baxışları, əxlaq normalarını, cəhaləti tənqid və ifşa etmək üçün, xalqı ayıltmaq və mübarizəyə səsləmək üçün kəsərli bir «silahdan» - gülüşdən, satiradan itsifadə etmişdir. O, məhz dövrünün qabaqcıl ideyalarını təbliğ etmək üçün belə bir orijinal yol seçmişdir. Ü.Hacıbəyovun yaratdığı obrazlar həm də sənətkarın öz arzu və ideallarının, həyatı gözəlləşdirmək istəyinin əks-sədasıdır. 

Ü.Hacıbəyovun «O olmasın, bu olsun» musiqili komediyası 1910-cu ildə yaranmışdır və bu 100 ilə yaxın bir dövr ərzində xalqın ən çox sevdiyi əsərlərdən birinə çevrilmişdir. Azərbaycan xalqı arasında yəqin ki, «O olmasın, bu olsun» komediyasını oxumayan, səhnədə görməyən, filmə baxmayan adam tapılmaz. Təsadüfi deyil ki, bu əsərin demək olar, hər bir kəlməsi xalqın dilində zərb-məsələ çevrilmişdir. Komediyadakı bir çox tutarlı ifadələr aforizm kimi işlənir. Eyni zamanda, əsərin musiqisi xalqın qəlbinə yol taparaq dillər əzbəri olumşdur. Bu məziyyət, şübhəsiz ki, hər bir əsərə nəsib olmur. Xüsusilə əsərin baş qəhrəmanı Məşədi İbadın adı ilə bağlı xalq arasında bir sıra mənalı ifadələrin yaranması da bunu sübut edir. Məsələn, «Məşədi İbad kimi qocalığında yorğalıq edir», «Heç hənanın yeridirmi?», «Nə Məşədi İbad kimi özündən çıxırsan?», «Məşədi İbadlıq eləmə» və s. fikirlər bu qəbildəndir. 

 Ü.Hacıbəyovun özünəməxsus bədii üslubu vardır. Belə ki, o, komediyanın bütün personajlarını həyatda yaxşı öyrənmiş, onları müxtəlif vəziyyətlərdə təsvir etmiş, xarakterlərini aça bilmişdir. Tamaşaçı burada zadəgan – tacir təbəqəsinin həyatını bəzək-düzəksiz görüz, onlara gülür və nifrət edir. Ü.Hacıbəyov bu əsərdə əsil mənfi tiplər qalereyası yaratmışdır. Onun qəhrəmanları kimlərdir? Cəmiyyətdə nüfuzunu itirmiş, müflisləşmiş, pul əldə etmək üçün gənc və gözəl qızı Gülnazı qoca Məşədi İbada ərə verən, mənəviyyatsız bir zadəgan Rüstəm bəy. Mətbuat səhifələrində yalan və iftiralar yazıb pul qazanan jurnalist Rza bəy. Öz xeyrini güdən əqidəsiz millətçi Həsənqulu bəy. Boşboğaz və davakar intelligent Həsən bəy. Öz durnaqarası zəhmi və silahı ilə ətrafındakı adamları qorxu altında saxlayan Qoçu Əsgər. Və Məşədi İbad.

 Varlı bir tacir olan Məşədi İbad pulun pozucu mahiyyətini, cəmiyyətdə oynadığı rolu bütün varlığı ilə əks etdirir. O, öz təsəvvürlərində belə bir qənaətə gəlir ki, varlı olmaq, cəmiyyətin fövqündə dayanmaq və güclü olmaq deməkdir. Pul insanın varlığını təyin edən əsas şərtdir, cəmiyyətin sağlam qanunları belə pulun qarşısında acizdir. Məşədi İbad bu sözləri təkrar etməyi sevir: «Məsəl var ki, deyirlər: O olmasın, bu olsun. Əlbəttə, nə zərəri vardır, cavanlıq olmasın, pul olsun. Pul elə şeydir ki, qocanı cavan eləyər və pulsuzluq da cavanı qoca eylər».

 Avam və cahil bir şəxs olan Məşədi İbad yeri gələndə özünü savadlı, mədəni, səliqəli göstərməyə çalışır. Onun təkrar-təkrar «mərifət elmindən» söhbət salması, «Tarixi-Nadir» kitabının adını çəkməsi, atalar sözü və zərbi-məsəllərdən məqsədinə müvafiq istifadə etməsi məhz bununla əlaqədardır.

 Məşədi İbad həyatın mənasını alverdə gördüyü üçün Rüstəm bəylə çox ciddi sövdələşir və onun qızı Gülnazı iki min manata satın alır. Hadisələr mürəkkəbləşdikcə, Gülnazın və xərclənən pulun əldən çıxacağı qorxusu artdıqca, Məşədi İbad yenə də özünün dediyi kimi, «bir ətək pul tökməli olur». Ailə, məhəbbət, həyat məsələlərinə onun yalnız alver adamı, tacir kimi münasibət bəsləməsi aydın görünür.

 Ustalıqla yaradılmış Məşədi İbad surəti əsərdəki bütün mənfi xarakterlərin açılmasında mühüm rol oynayır. Rüstəm bəyi, Qoçu Əsgəri, Həsənqulu bəyi, Rza bəyi, Həsən bəyi Məşədi İbadsız təsəvvür etmək çətindir. Hambal surətinin hadisələrə müdaxilə etməsi də Məşədi İbadla bağlıdır. Məşədi İbad əsərin mənfi personajlarını birləşdirən, komik hadisələrin mərkəzində duran misilsiz bir surətdir.

 Lakin əsərdə bütün bu eybəcər tiplərin müqabilində digər bir aləm də var: bir-birini sevən iki gəncin – Sərvər və Gülnazın saf və səmimi hisslərlə zəngin olan bir dünyası. Onlar yeni həyata can atır, öz gələcək səadətləri uğrunda qarşılarına çıxan səddləri dəf etməyə çalışırlar. Onlar başa düşürlər ki, öz talelərini özləri həll etməlidirlər, ona görə də cəsarətlə köhnə əqidəli insanlara qarşı mübarizəyə qalxırlar və onlara qalib gəlmək üçün, hətta kələk də qurmalı olurlar. Qulluqçu Sənəm də bu işdə onlara köməklik göstərərək, qızı kimi sevdiyi Gülnazı müdafiə edir.

 «O olmasın, bu olsun» komediyası sözlə bədii surət yaratmağın klassik nümunəsidir. Məşədi İbad, Rüstəm bəy, Həsənqulu bəy, Həsən bəy, Rza bəy, Qoçu Əsgər, Hambal, Sənəm belə surətlərdir. Onlardan hər biri fərdi danışıq dilinə malikdir. Məhz bu səbəbdəndir ki, Ü.Hacıbəyov onların canlı portretini yarada bilmişdir.

 Ü.Hacıbəyov hadisələri, məkanı, əşyaları, insanları, onların geyimini, hərəkətlərini elə təsvir edir ki, hər şey göz önündə canlanır. O, tapdığı orijinal, uyğun və dəqiq sözlərlə mətləbi tam və aydın ifadə edə bilmişdir. Burada böyük sadəlik, təbiilik və inandırıcılıq özünü göstərir.

 Komediyada musiqi də mühüm dramaturji rol oynayır. Bütün musiqi nömrələri səhnədə baş verən hadisələrin təbii ünsürü kimi personajların səciyyələndirilməsində böyük əhəmiyyət kəsb edir. Burada bir-birindən fərli iki obraz-intonasiya dairəsi özünü göstərir ki, bu da əsərin ziddiyyətli məzmununu qabarıq üzə çıxarır.

 İlk növbədə, əlbəttə ki, Məşədi İbadın musiqi portretini qeyd etmək lazımdır. Özündən razı tacırin məşhur «Mən nə qədər qoca olsam da» misrası ilə başlanan mahnısında çirkin və qoca Məşədi İbad lovğalanaraq yuz cavana bərabər olduğunu bəyan edir. Ü.Hacıbəyov burada «Uzundərə» xalq rəqsinin melodiyasından istifadə etmişdir. Rəqsin təsirli melodiyasının Məşədi İbadın dilində səslənməsi karikaturanı xatırladır. Tamaşaçıya əyandır ki, dərin insani hisslərdən, məhəbbətdən danışan Məşədi İbadın hərəkətləri, mahnısı evlənəcəyi gənc qızın qəlbində yalnız nifrət oyandıra bilər. Bu da Üzeyir bəyin istifadə etdiyi satira üsullarından biri kimi diqqətəlayiqdir. Və bu mahnı Məşədi İbadın xarakterini çox gözəl açır.

 Musiqili komediyanın digər mənfi personajları isə ayrılıqda deyil, əsasən xor səhnələrilə xarakterizə edilir. Bu xorlar adətən danışıq səhnələrinin üzvi tərkib hissəsi olub, canlı yumoru ilə seçilir.

 Lirik obrazlar aləmi isə əsərdə müstəsnalıq təşkil edir. Sərvər və Gülnazın duetləri onların məhəbbət hisslərini, xəyalpərvər əhval-ruhiyyəsini əks etdirir. Bu qəhrəmanları səciyyələndirən musiqi nömrələrində bəstəkar Füzulinin qəzəllərindən istifadə etmişdir.

Beləliklə, «O olmasın, bu olsun» musiqili komediyasının bədii obrazları bir güzgü kimi o zamankı Azərbaycanın ziddiyyətlərini əks etdirir. Həyatın ziddəyyətlərini doğru, dürüst, adamların psixologiyasını ustalıqla verdiyi üçündür ki, bu əsər indi də öz tərbiyəvi əhəmiyyətini saxlayır və nəinki ölkəmizdə, həm də dünyanın bir sıra ölkələrində tamaşaçıların marağına səbəb olur.

«O olmasın, bu olsun» musiqili komediyası zəngin səhnə həyatına malik bir əsərdir. O, bir neçə dəfə redaktə olunaraq səhnələşdirilmişdir. İlk dəfə musiqili komediya 1911-ci il aprelin 25-də Mailov qardaşları teatrında (indiki Opera və Balet teatrında) səhnəyə qoyulmuşdur. Məşədi İbad rolunda Mirzə Ağa Əliyev, Sərvər rolunda Hüseynqulu Sarabski, Gülnaz rolunda Əhməd Ağdamski və başqaları çıxış etmişlər. Üzeyir Hacıbəyov tamaşaya dirijorluq etmişdir. Sonrakı illərdə də musiqili komediyanın tamaşalarında bir çox görkəmli artistlər çıxış etmişdir. Əsər, həmçinin, bir çox dillərə tərcümə olunaraq, müxtəlif teatrların səhnəsində Zaqafqaziya şəhərlərində, Türkiyədə, Bolqaristanda, Yəməndə və b. yerlərdə tamaşaya qoyulmuşdur. 

 Musiqili komediya əsasında 1956-cı ildə «Azərbaycanfilm» kinostudiyası tərəfindən eyniadlı film çəkilmişdir. Filmin ssenari müəllifi Sabit Rəhman, rejissoru Hüseyn Seyidzadə, musiqi redaktoru Fikrət Əmirovdur.

Üzeyir Hacıbəyovun «O olmasın, bu olsun» musiqili komediyası bu gün də tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanır.

 

© Musigi Dunyasi, 2005